HADİSƏ

Kim deyir ki Azərbaycanda zəlzələ gözlənilmir? - Qurban Yetirmişli

Dünən gecə saatlarında Xəzər dənizinin Dağıstana yaxın ərazisində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Sputnik
BAKI, 4 iyul — Sputnik. "Rəsmi məlumatlara inanın, axşam evinizdə rahat yatın. Sosial şəbəkələrdə yayılan məlumatlara inanmayın. Ayıbdır bu cür məlumatları yaymaq. Sosial şəbəkələrə inanmayın. Məgər bu məlumatı yayan zəlzələnin baş verdiyi 65 kilometr dərinlikdən xəbər verir?"
Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bu gün keçirilən brifinqdə deyib.
O, Azərbaycanın seysmik bölgədə yerləşdiyini, son baş verən zəlzələ nəticəsində hansısa tələfatın olmadığını bildirib: "Tikintidən öncə FHN tərəfindən layihələndirmə işləri aparılır. Binalar tikilməzdən öncə bütün bunlar nəzərə alınır".
"Kim deyir ki Azərbaycanda zəlzələ gözlənilmir? Azərbaycan seysmik bölgədir. Sadəcə binaları elə tikmək lazımdır ki zəlzələyə davamlı olsun. Ən əsas məsələ budur", - deyə o əlavə edib.
Dünən gecə saatlarında Xəzər dənizinin Dağıstana yaxın ərazisində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ Azərbaycanın şimal-şərq rayonları, eləcə də Abşeron yarımadasında hiss olunub.