DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

XİN: İranın ŞƏT-ə üzv olması hər iki tərəf üçün faydalıdır

ŞƏT Dövlət Başçıları Şurasının 23-cü sammiti iyulun 4-də virtual formatda keçiriləcək.
Sputnik
BAKI, 3 iyul — Sputnik. İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv kimi qəbul edilməsi bütün tərəflərin maraqlarına uyğun olacaq.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani deyib.
"İranın ŞƏT-ə üzvlüyü hər iki tərəfin - həm İranın, həm də təşkilatın və onun üzvlərinin maraqlarına uyğundur. Bu müsbət hadisə mühüm regional təşkilat kimi ŞƏT-in dəyərini gücləndirə bilər. Bu dəyişiklik bütün üzv ölkələrin maraqlarına uyğun olacaq və regionalizm prosesini gücləndirəcək", - deyə Kənani bildirib.
Bu yaxınlarda Hindistan Xarici İşlər Nazirliyi ŞƏT Dövlət Başçıları Şurasının 23-cü sammitinin iyulun 4-də virtual formatda keçiriləcəyini açıqlayıb. Rusiya prezidentinin ŞƏT məsələləri üzrə xüsusi nümayəndəsi Bəxtiyar Hakimov bildirib ki, İranın təşkilata tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Yeni Dehlidə keçiriləcək ŞƏT-in sammitində əsas qərar olacaq.
Xatırladaq ki, ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Onun üzvləri Rusiya, Hindistan, Çin, Pakistan və Mərkəzi Asiyanın dörd ölkəsi - Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandır.