BAKI, 3 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkoya Belarus Respublikasının Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Ağır müharibə illərində yaranan qardaşlıq və qarşılıqlı yardım telləri müttəfiq Rusiya-Belarus münasibətləri üçün etibarlı təməl olaraq qalır. Bu, ölkələrimizin birlikdə çox ciddi xarici təhdid və çağırışlarla üz-üzə qaldığı bu gün tam təsdiqini tapır", - Rusiya dövlətinin başçısının məktubunda deyilir.
Putin həmçinin qeyd edib ki, bu bayram təkcə belaruslular üçün deyil, həm də rusiyalılar üçün vacibdir, çünki bu, iki dövlətin ümumi tarixində əlamətdar hadisə - Minskin nasist işğalçılarından azad edilməsi ilə bağlıdır.
Rusiya Federasiyasının Prezidenti əmin olduğunu bildirib ki, konstruktiv ikitərəfli əlaqələr qurmaq və İttifaq dövləti institutlarını gücləndirməklə Rusiya və Belarus dünya arenasında istənilən çətinlikləri dəf edə və qanuni maraqlarını müdafiə edə biləcəklər.
Putin Lukaşenkoya cansağlığı və uğurlar, "qardaş Belarus xalqına isə xoşbəxtlik və firavanlıq" arzulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.