BAKI, 3 iyul — Sputnik. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr bazar günü İslamın simvollarını təhqir edən təkrar hərəkətlərə son qoymaq üçün kollektiv fəaliyyətə çağırıb. Bu barədə "RİA Novosti" Səudiyyə Ərəbistanının "Əl-İxbariyyə" telekanalına istinadən xəbər verir.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi İbrahim Taha Səudiyyə Ərəbistanının təşəbbüsü ilə Ciddədə keçirilən təşkilatın fövqəladə iclasında deyib: "Artıq Qurani-Kərimi ləkələmək və İslam peyğəmbərini təhqir etmək az rast gəlinən hallardan deyil. Müsəlman ölkələri bunun qarşısını almaq üçün kollektiv tədbirlər görməlidir".
O, hər hansı din əleyhinə çağırışlara qarşı beynəlxalq hüququn təcili tətbiqi ilə bağlı beynəlxalq ictimaiyyətlə daimi işin zəruriliyini vurğulayıb.
Stokholmda Qurban bayramı zamanı Quranın təhqir edilməsi və yandırılması dünyanın bir çox ölkələrində geniş əks-səda doğurub. İraq İsveç səlahiyyətlilərindən aksiyanı törədən immiqrantın mühakimə olunmaq üçün təhvil verilməsini tələb edib, cümə axşamı günü onlarla iraqlı ölkənin Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Hadisə Əlcəzair, Əfqanıstan, Misir, İndoneziya, Livan, Suriya, Türkiyə, Özbəkistan, Ərəb Dövlətləri Liqasının (LAS) baş katibi Əhməd Əbül Qeyt və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi tərəfindən də pislənib. İordaniya və BƏƏ Xarici İşlər Nazirlikləri İsveç səfirlərinə etiraz notası təqdim edib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, bu hadisənin iştirakçılarının cəzasız qalması gözlənilməz fəlakətli nəticələrə gətirib çıxara bilər və dünya ictimaiyyəti bu cür qanunsuz hərəkətlərə müqavimət göstərməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.