BAKI, 3 iyul — Sputnik. Fransa polisi son üç sutkada 17 yaşlı sürücünün polis tərəfindən öldürülməsi nəticəsində iğtişaş törədən 3200 iğtişaşçını saxlayıb.
Bu barədə BFMTV telekanalı xəbər verib.
Efirdə həmçinin Fransanın daxili işlər naziri Jerald Dermanenin hazırkı etiraz aksiyalarını "misli görünməmiş" hadisə adlandırdığı sözləri yer alıb. Nazir qeyd edib ki, polislər "çətin şəraitdə" işləyiblər və o, nümayişçilərə qarşı "sərt" olmağa çağırıb.
Xatırladaq ki, iğtişaşlar iyunun 27-də təhlükəsizlik qüvvələrinin dayanmaq tələbini yerinə yetirməkdən imtina edən 17 yaşlı sürücünün fransız polisi tərəfindən öldürülməsindən sonra Parisin bir neçə şəhərini əhatə edib.
Hazırda etirazçılar artıq 3,8 minə yaxın avtomobilə, həmçinin yerli administrasiyaların və hüquq-mühafizə orqanlarının bir çox binalarına ziyan vurublar. İğtişaşçılar həmçinin 250-yə yaxın bank filialını və on ticarət mərkəzini qarət ediblər. Onları dağıtmaq üçün hakimiyyət polis xüsusi təyinatlıları və zirehli texnikanı cəlb edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Fransa həmkarlar ittifaqlarının kütləvi etirazların güc yolu ilə həll edilməsinə dair çağırışları ölkədə "xəyali tolerantlığın" iflasa uğradığını göstərib.