"Bu, bir daha göstərir ki, Ermənistan hakimiyyəti sülh müqaviləsinin bağlanmasını istəmir. Əslində onlar silahlanmaya, revanş almağa, yenidən Qarabağ torpaqlarında faciələr törətməyə çalışırlar. Erməni təxribatı nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması təəssüf doğurur. Buna baxmayaraq, Azərbaycan Ordusu bu təxribatlara layiqli cavab verir. Belə ki, beş nəfərin məhv edilməsi və təxribatçıların yuvasının dağıdılması ermənilərə bundan sonra da layiqincə cavab veriləcəyini göstərir".
"Bu, Azərbaycanın haqqıdır. Avropa Parlament Assambleyasının müzakirələrində Laçın yolunun bağlanması, ermənilərin blokadaya alınması və onların acınacaqlı vəziyyətdə olması barədə yanlış fikirlər söylənilir, doğru olmayan məruzələr təqdim edilir. Ancaq bütün bu cəhdlər faydasızdır. Çünki Prezident İlham Əliyev, Azərbaycan xalqı və əsgəri ilk gündən sülhün, əmin-amanlığın, təhlükəsizliyin tərəfdarı olduqlarını bütün dünyaya bəyan ediblər. Biz qalib ölkə kimi bu gün sülh istəyirik. Dövlətimizin başçısı dəfələrlə söyləyib ki, biz öz torpaqlarımızı düşməndən azad etmişik, biz sərhədlərimizin qorunması uğrunda mübarizə aparmışıq və heç bir kəsin torpağında bizim gözümüz yoxdur. Ona görə də törədilən təxribatlar Ermənistana heç bir fayda verə bilməz. Əslində bu, Ermənistanı daha acınacaqlı, çıxılmaz vəziyyətə düçar edə bilər. Çünki Azərbaycan Ordusu güclüdür. Azərbaycan xalqı mübarizdir. Azərbaycan Prezidenti bu gün özünün düşünülmüş, uzaqgörən siyasəti ilə bütün dünyaya örnəkdir. Buna görə də Ermənistan hakimiyyəti sülh yolunu məqbul hesab etməlidir. Əks təqdirdə bu təxribatlar daha genişmiqyaslı münaqişəyə çevrilə bilər və Ermənistanın daha ağır faciəsinə səbəb ola bilər”,- deyə T. Rzayev vurğulayıb.