BAKI, 28 iyun - Sputnik. 28 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin əsas istiqamətləri, habelə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə, eyni zamanda, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.
Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət haqqında qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov Ermənistanın hələ də öz öhdəliklərini yerinə yetirməməsinin, silahlı qüvvələrini tam şəkildə Azərbaycan torpaqlarından çıxarmamasının, hərbi-siyasi təxribatların davam etdirməsinin sülh səylərinə xələl gətirdiyini bildirib. Mövcud çətinlik və çağırışlara baxmayaraq, Azərbaycanın normallaşma və sülh gündəliyini irəli aparmaq əzmində və niyyətində olduğu vurğulanıb.
Ermənistanın Azərbaycanın daxili məsələsi olan Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin cəmiyyətimizə reinteqrasiyası istiqamətində görülən işlərə müdaxiləsinin qəbuledilməzliyi vurğulanıb. Bu istiqamətdə, Ermənistan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatın Azərbaycanın reinteqrasiya səylərini, o cümlədən erməni sakinlərinin sözügedən məntəqə vasitəsilə şəffaf və sərbəst hərəkətini həzm edə bilməməsinin göstəricisi olduğu qeyd edilib.
Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ-ın iki dövlət arasında sülh müqaviləsinin imzalanması istiqamətində fəaliyyətə dəstək göstərilməsində maraqlı olduğunu, bu xüsusda səylərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.