"Baxırdım ki, ətrafımda - həm reklam lövhələrində, həm iaşə obyektlərinin üzərindəki adlarda, eyni zamanda sosial mediada paylaşılan statuslarda xeyli qrammatik və leksik səhvlər var. Düşünürdüm ki, bəlkə dilimizdə dəyişiklik var, mənim xəbərim yoxdur. Araşdıranda gördüm ki, heç bir dəyişiklik yoxdur. Sadəcə insanlar yanlış yazır. Bir gün *Facebook dostlarımdan biri bu səhvlərə aid paylaşımlar etdiyini gördüm. Mən ona müraciət etdim ki, nə vaxtsa belə bir səhifə yaratmaq istəsə, məni də "admin" kimi dəvət etsin. Amma sonra düşündüm ki, bunu öz üzərimə götürüm. Belə qərara gəldim ki, bir səhifə yaradım. Çox şadam ki, səhifə yaranandan sonra hər hansısa bir səhvi paylaşanda, anında həmin səhvin düzəldildiyinin şahidi oldum".
"Buna görə heç bir problem yaşamamışam. Elə qeyri-ciddi səhifələr var ki, onlar istehza ilə, rişxənd edərək həmin yüksək vəzifəli şəxsin səhvini paylaşırlar. Amma istər prezidentin səhifəsindəki səhvi, istərsə də Elm və Təhsil Nazirinin rəsmi səhifəsindəki səhvi bildirəndə heç bir mənfi münasibət görmədim. Səhifəmiz bitərəfdir, qərəzli deyil. Bizim üçün ən önəmli məsələ Azərbaycan dilidir".
"İnsanlar hər hansısa bir yeni söz eşidəndə uğurlu və ya uğursuz olmasından aslı olmayaraq həmişə tənqidi yanaşıblar. Tutaq ki, "ayaqqabı" sözünü deyəndə gülmürük, normal qarşılayırıq. Çünki, bu söz artıq ümumişlək sözdür. Eləcə də gülüş hədəfinə çevrilən sözləri də biz dilimizdə işlətsəydik, adiləşəcəkdi. Yəni, o sözlər dilmizin lüğət tərbinə daxil ediləndə mediaya, mədəniyyət sahələrinə də yayılmaldır ki, həmin sözlər insanların hafizələrində qalsın. Televiziya aparıcıları, tərcüməçilər o sözlərdən istifadə etsələr insanlar üçün o sözlər adiləşəcək. Sözü lüğətə daxil etdikdən sonra lüğəti rəfə qoymaq olmaz. Gərək o sözlər cümlənin tərkibində işlənsin ki, cəmiyyət üçün adiləşsin".
"Tutaq ki, siz bir mövzuda status yazırsınız, amma hər hansısa bir sözün Azərbaycan dilində qarşılığını bilmirsiniz. Siz özünüz də bir söz yarada bilərsiniz və onu yaya bilərsiniz. Həmin sözü yazanda mötərizədə ingilis və ya rusca qarşılığını qeyd edirsiniz. Kütləyə həmin sözü təqdim etdikdən sonra dilçilik institutunun da bu məsələyə operativ münasibəti şərtdir. Çünki, bu gün elm və incəsənət sürətlə inkişaf edir. Hər gün yeni sözlər yaranır. Dilçilik institutu o sözlərə reaksiya verməlidir. Eyni zamanda, lüğətlər elektronlaşdırılmaldır. Doqquz ildən bir çıxan lüğətlə biz heç nəyə nail ola bilmərik".