BAKI, 27 iyun - Sputnik. "Biz uzunmüddətli və layiqli razılığın əldə olunması üçün Azərbaycan və Ermənistanın birgə fəaliyyətini dəstəkləyirik".
Bu barədə ABŞ dövlət katibi Antoni Blinken Twitter hesabında yazıb.
"Bu həftə Xarici İşlər üzrə Milli Təlim Mərkəzində xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla sülh danışıqları aparırıq. Dialoq davamlı sülhün açarıdır", - Blinken qeyd edib.
Qeyd edək ki, iyunun 27-də ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli görüşlər keçirib. Daha sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə görüşüb.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bundan əvvəl keçirdiyi brifinqdə deyib ki, Azərbaycanla Ermənistan arasında sülhün təminatı üçün birbaşa dialoq çox vacibdir.
"ABŞ Azərbaycan və Ermənistanın son zamanlar sülh prosesində səmərəli iştirakından şaddır. Bu gün görüşün ilk günü idi və müzakirələr iyunun 29-dək davam edəcək. Prosesin inkişafı üçün onlara kömək edəcəyik", - Metyu Miller qeyd edib.
Departament rəsmisi vurğulayıb ki, dövlət katibi Antoni Blinken hər iki ölkənin xarici işlər naziri ilə dəfələrlə danışıqlar aparıb:
"Hesab edirik ki, bu görüşlər vacibdir. Bu həftə irəliləyiş əldə etməyin vacib olduğunu düşünürük".
Danışıqlar iyunun 29-dək davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.