CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Söyüdlü kəndində kompleks ekoloji monitorinqlər davam edir

iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə komissiya yaradılıb.
Sputnik
BAKI, 26 iyun - Sputnik. Gədəbəy rayonunun Söyüdlü kəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kompleks ekoloji monitorinqlər davam etdirilir. Azərtac xəbər verir ki, kəndin ərazisindəki texnoloji obyektlərin yaxınlığında ətraf mühitə təsirlərin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən kompleks ekoloji monitorinqlər aparılır, müxtəlif koordinatlardan su və torpaq nümunələri götürülür.
Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılması məqsədilə müvafiq Komissiya tərəfindən ərazidə kompleks monitorinqlər davam etdirilir.
Aparılan kompleks monitorinqlərin nəticələri təhlil olunacaq və təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim ediləcək.
Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir.
Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.