BAKI, 25 iyun — Sputnik. Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tibbi ehtiyacları olan şəxslərin Laçın-Xankəndi yolu ilə keçərək Ermənistana təxliyəsini həyata keçirib.
Sputnik Ermənistan xəbər verir ki, BQXK-ya məxsus tibbi yardım maşınları Qarabağdan 15 xəstəni Ermənistana aparıb.
Eyni zamanda, Ermənistanın tibb mərkəzlərinə müalicəyə göndərilmiş şəxslər bu gün ərzində onları müşayiət edən şəxslərlə Xankəndiyə qaytarılacaq.
Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə Laçın-Xankəndi yolunun bağlanması və Qarabağda yaşayan ermənilərə qarşı guya humanitar böhranın yaranması barədə saxta iddialar irəli sürüb.
Nazir Ceyhun Bayramov Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bildirib ki, məntəqə təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb, 23 aprel tarixindən yüzlərlə erməni sakinlərin keçidi təmin olunub. Erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyət formalaşdırılması bu prosesi həzm edə bilməyən Ermənistanın 15 iyun tarixində keçid məntəqəsini atəşə tutması ilə nəticələnib və bu, Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib.
Azərbaycan tərəfinin hazırda sərhəd məntəqəsindən təhlükəsiz keçidə maneə olmuş Ermənistanın bu hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər gördüyü diqqətə çatdırılıb. Eyni zamanda, vurğulanıb ki, Ermənistanın gələcəkdə bu kimi təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsi zəruridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.