BAKI, 24 iyun - Sputnik. Moskva meri Sergey Sobyanin 26 iyun bazar ertəsini istirahət günü elan edib.
Sobyanin riskləri minimuma endirmək üçün operativ qərargah çərçivəsində bazar ertəsini qeyri-iş günü elan etmək qərarına gəldiyini açıqlayıb.
Onun sözlərinə görə, hakimiyyət orqanları və müəssisələri, hərbi-sənaye kompleksi və şəhər xidmətləri istisna olmaqla, qalan sahələr üçün 26 iyun qeyri-iş günü hesab olunur.
"Hörmətli vətəndaşlar, Moskvada antiterror əməliyyatı rejimi elan edilib. Vəziyyət mürəkkəbdir. Riskləri minimuma endirmək üçün mən operativ qərargah çərçivəsində bazar ertəsi gününü qeyri-iş günü elan etmək qərarına gəldim. Fasiləsiz işləyən hakimiyyət orqanları və müəssisələr, hərbi-sənaye kompleksi, şəhər xidmətləri istisnadır”, - Sobyanin Telegram kanalında yazıb.
O, sakinləri mümkün qədər şəhər ətrafında səyahət etməkdən çəkinməyə, fövqəladə hallar və hadisələr barədə vaxtında 112-yə məlumat verməyə çağırıb.
“Sizdən xahiş edirəm ki, mümkün qədər şəhəri gəzməkdən çəkinəsiniz. Müəyyən məhəllələrdə və müəyyən yollarda nəqliyyatın hərəkətini kəsmək mümkündür”, - Moskva meri bildirib.
Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri silahlı üsyan təşkil etməyə cəhd ediblər. Onlar Rostovda bir sıra obyektləri zəbt ediblər. Hakimiyyət şəhər sakinlərini küçələrdən hərbi texnikanın keçə biləcəyi səbəbi ilə diqqətli olmağa çağırıb. FTB əməkdaşları hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ifadələri ilə bağlı cinayət işi açıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.