RUSİYA

Priqojin "Vaqner" silahlılarını geri çəkdiyini açıqlayıb

"Vaqner"in rəhbəri Yevgeni Priqojin geri çəkilmək barədə Belarus prezidenti Aleksandr Lukaşenkoya verdiyi vədi yerinə yetirməyə başlayıb.
Sputnik
BAKI, 24 iyun - Sputnik. "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) döyüşçüləri öz kolonlarını geri çəkərək əks istiqamətə yola düşürlər.
Bu barədə "Vaqner"in rəhbəri Yevgeni Priqojinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
"Vaqner ÖHŞ-ni yenidən formalaşdırmaq istəyirdilər, biz iyunun 23-də ədalət yürüşünə çıxdıq. Bu müddət ərzində döyüşçülərimizin bir damla qanını da axıtmamışıq. İndi qan tökülə bilər. Tərəflərin birindən rus qanının töküləcəyinə görə məsuliyyət daşıyanların hamısını anlayaraq - kolonlarımızı geri döndərib əks istiqamətə plan üzrə səhra düşərgələrinə yola düşürük", - deyə Priqojin bildirib.
Daha əvvəl bildirilirdi ki, Yevgeni Priqojin Belarus prezidentinin öz döyüşçülərinin Rusiya boyu irəliləməsini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib. Müzakirə masasında "Vaqner" döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə vəziyyətin həlli üçün sərfəli və məqbul variant var.
"Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiya ərazisində Vaqner özəl hərbi şirkətinin silahlı şəxslərinin hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib", - Belarus liderinin mətbuat xidməti şənbə günü bildirib.
Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri silahlı üsyan təşkil etməyə cəhd ediblər. Onlar Rostovda bir sıra obyektləri zəbt ediblər. Hakimiyyət şəhər sakinlərini küçələrdən hərbi texnikanın keçə biləcəyi səbəbi ilə diqqətli olmağa çağırıb. FTB əməkdaşları hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ifadələri ilə bağlı cinayət işi açıb.
Prezident Vladimir Putin ruslara müraciətində bildirib ki, üsyana cəhddə günahkar olanların hamısı qaçılmaz cəzaya məruz qalacaq, qanun və xalq qarşısında cavab verəcək. O, həmçinin qeyd edib ki, mülki və hərbi hakimiyyət orqanlarının işinin faktiki olaraq bloklandığı Rostov-na-Donuda vəziyyəti sabitləşdirmək üçün qəti addımlar atılacaq.
RUSİYA
Priqojin Lukaşenkonun "Vaqner"in hərəkətini dayandırmaq təklifini qəbul edib
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.