CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günlərində rayonlara gedənlərə şad xəbər

Bayrama görə, 100-dən çox nəqliyyat vasitəsinin əlavə daşımalara cəlb olunması nəzərdə tutulur.
Sputnik
BAKI, 24 iyun — Sputnik. Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün iyunun 24-dən iyulun 2-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-a bildirilib ki, qurum şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. AYNA-nın əməkdaşları BBAK-a təhkim ediləcəklər.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək. 100-dən çox nəqliyyat vasitəsinin əlavə daşımalara cəlb olunması nəzərdə tutulur.
Vətəndaşlar biletləri avtovağzalların gündəlik və əvvəlcədən satış kassalarından, həmçinin biletim.az portalından onlayn qaydada əldə edə bilərlər. Qeyd edək ki, portala daxil edilən istiqamətlərin sayı 38-ə çatıdırılıb. Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda daşıyıcıların sayı 84-ə, nəqliyyat vasitələrinin sayı isə 175-ə çatdırılıb.