"Yəni, dərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi idxalçılar üçün müəyyən çətinliklər yaradır. Yaranan vəziyyət isə ümumən ölkənin dərman vasitələri ilə təminatına birbaşa mənfi təsir edir. Bu baxımdan, "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması, həmçinin türk, rus və digər dillərdə də içlik vərəqələrinin qəbul olunması məqsədəmüvafiq hesab edilir.
Sözügedən məsələ apteklərdən dərman alan əhali üçün heç bir narahatlıq yaratmayacaq. Belə ki, qanuna təklif edilən dəyişikliklərdə dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi tərəfindən xarici dildə olan içlik vərəqəsinin Azərbaycan dilinə tərcümə edilərək, notariusda təsdiq edilmiş variantının Səhiyyə Nazirliyinin müvafiq qurumuna təqdim olunması nəzərdə tutulur. Həmin məlumat xüsusi yaradılacaq elektron bazaya yüklənəcək və istehlakçıların həmin bazaya əlçatanlığı təmin olunacaq. İstənilən alıcıya dərman vasitəsini əldə etdiyi aptekdən dərman içliyini tələb etmək imkanı da yaradılacaq. Bu tələbə əsasən əczaçı xüsusi yaradılacaq elektron sistemdən konkret dərman vasitəsinin içliyini çap edərək, vətəndaşa təqdim edə biləcək.
Eyni zamanda istifadəyə veriləcək mobil tətbiqlər vasitəsilə dərman vasitələrinin təlimatları ilə elektron qaydada da tanış olmaq imkanları yaradılacaq. Analoji təcrübə yeni deyil və artıq Gürcüstanda uğurla tətbiq edilir. Qonşu dövlətdə istənilən ölkənin dilində dərman vasitəsi idxal edilir və alıcı tələb etdiyi zaman əczaçı həmin dərmanın içlik vərəqəsini gürcü dilində çap edərək, ona təqdim edir".