BAKI, 22 iyun - Sputnik. Azərbaycan karateçisi Tural Ağalarzadə Polşada keçirilən III Avropa Oyunlarında qızıl medal qazanıb.
67 kq çəki dərəcəsində çıxış edən idmançı finalda yunanıstanlı rəqibi Dionisios Ksenosdan üstün olub.
Hakimlər rəqibə hansoku (diskvalifikasiya cəzası), Ağalarzadəyə isə qələbə veriblər.
Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında əldə etdiyi ilk medaldır.
Tural Ağalarzadə öz qələbəsi barədə deyib ki, "bu gün qalib gələcəyimi hiss edirdim, tarix yazdım".
O, qələbəni sözlə ifadə etməyin mümkün olmadığını dilə gətirib:
"Məni dəstəkləyən hər kəsə, bizim üçün bu şəraiti yaradan ölkəmizin başçısına, eyni zamanda, məşqçilərimə, ailəmə və sevdiklərimə təşəkkür edirəm. Finala qədər çətin döyüşlərim oldu. Həlledici görüşdə isə üçqat Avropa çempionu Dionisios Ksenosla üz-üzə gəldim. Taktiki gedişləri döyüşdən öncə hazırlamışdıq. Psixoloji və fiziki cəhətdən çox hazır idim. Buradan ailəmə təşəkkür edirəm. Onları sevirəm".
Kişilərdən ibarət kumite millisinin baş məşqçisi Qurban Tağıyev isə qələbəni bu cür şərh edib:
"Xalqımızı təbrik edirik. Bu gün 4 karateçimiz çıxış etdi. Əminağa Quliyevdən də nəticə gözləyirdik. Təəssüf ki, zədələri imkan vermədi. Tural isə aylardır zədəli halda məşq edirdi. Axır ki, çempion oldu və hamımızı sevindirdi".
O, Ağalarzadənin qrupda asanlıqla məğlub etdiyi Ksenosa finalda çətinliklə qalib gəlməsinin səbəbini də açıqlayıb: "Qrupda hər ikisi yarımfinala vəsiqəni təmin etmişdi. Bu səbəbdən ciddi mübarizə aparmadılar. Artıq bir-birilərini tanıdıqları üçün finalda daha gərgin döyüş alındı".
Mütəxəssis iyunun 23-də mübarizəyə qoşulacaq digər karateçilərin də şanslarını dəyərləndirib: "Bu idmandır, qələbə ilə yanaşı, məğlubiyyət də olur. İrina Zaretska, Fərid Ağayev və Asiman Qurbanlı kimi nəticə gözlədiyimiz idmançılar var. Ümid edirik ki, ən azı finala çıxacaqlar".
19:35
Azərbaycan karateçisi Tural Ağalarzadə Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.
67 kq-da yarışan idmançı finala gedən yolda polşalı Miloş Sabyetskini sınağa çəkib.
Rəqibinə 4:3 hesabı ilə qalib gələn Ağalarzadə adını həlledici qarşılaşmaya yazdırıb. Onun finaldakı rəqibi qrup mərhələsində 2:0 hesabı ilə məğlub etdiyi yunanıstanlı Dionisios Ksenos olacaq.
Qeyd edək ki, Tural Ağalarzadənin görüşünü Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da izləyiblər (Report).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.