BAKI, 21 iyun — Sputnik. "İşsizlik sığortasının məbləği çox aşağıdır, 0,5 faizini işçi, 0,5 faizini də işəgötürən ödəyir".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.
O bildirib ki, bunun artırılmasına ehtiyac var.
İşsizlikdən sığorta haqqının hesablanması
Xatırladaq ki, işsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:
-sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi,
-sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi.
Beləliklə, işsizlikdən sığorta haqqı sığortaolunanın (işçinin) əməkhaqqından hesablanır, işəgötürən tərəfindən işsizlikdən sığorta haqqı isə sığortaolunanın (işçinin) hesablanmış əməyinin ödənişi fondundan - muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.
İşsizlikdən sığorta – qanunvericiliklə nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.
“İşsizlikdən sığorta haqqında” qanuna əsasən dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin və ya dövlət qulluqçularının sayının və ya ştatların ixtisar edilməsi, həmçinin əmək müqaviləsinin müddətinin qurtarması əsasları ilə əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.