BAKI, 21 iyun — Sputnik. "Bəzi Avropa ölkələri 4 günlük iş rejiminə keçib, lakin bu, araşdırılmalı mövzudur".
Bunu İqtisadiyyat nazirinin müavini Elnur Əliyev "Gələcəyə qayıdış" devizi ilə keçirilən İnsan Resursları Zirvəsində deyib.
"4 günlük iş rejiminin tətbiqi ilə bağlı səslənən və real niyyət fərqlidir. Səslənən niyyət insanların asudə vaxtının çox olmasıdırsa, real və alt niyyət sahibkarların maliyyə vəsaitlərinə qənaət etməsidir. Yəni, bu məsələ ikitərəflidir. Bəzi ölkələr bunu pilot layihə olaraq həyata keçirir. 4 günlük iş rejimi araşdırmalıdır. Bu məsələni təkcə İqtisadiyyat Nazirliyi həll edə bilməz. Üstəlik, bu məsələ ölkədən ölkəyə fərqlənə bilər", - deyə o, qeyd edib.
Xatırladaq ki, 2020-ci ildən etibarən bir sıra ölkələrdə həftədə 4 günlük iş rejiminə keçməklə bağlı müzakirələr aparılmağa başlanıb. Bəzi ölkələr buna keçid üçün hazırlığa başlasa da bir qrup mütəxəssislər onun yaxın zamanda mümkünsüz olduğunu iddia edirdi.
Nəhayət 2021-ci ilin dekabrında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) inqilabi qərar qəbul edərək 2022-ci il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçdiklərini açıqladı. Beləliklə, BƏƏ-də iş saatları həftənin bazar ertəsi və cümə axşamı günləri 07:30-dan 15:30-dək, cümə günü isə 07:30-dan 12:00-dək müəyyən edildi. Bundan əlavə, Yaponiyanın və dünyanın elektronika nəhənglərindən olan "Panasonic" də 4 günlük iş rejiminə keçilməsi ilə bağlı qərarını açıqladı. Onlar bu qərarın iş keyfiyyətinin artırılmasına və əməkdaşların iş şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini açıqlayıb.
Niderlandda da bəzi müəssisələr artıq 29 saatlıq iş həftəsinə keçib və başqa qərb ölkələrində də 4 günlük iş rejiminə keçidlə bağlı müzakirələr davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.