İDMAN

Bu gün üçüncü Avropa Oyunlarına start veriləcək

Dünən Azərbaycan idmançılarının III Avropa Oyunlarına təntənəli yola salınması mərasimi olub.
Sputnik
BAKI, 21 iyun — Sputnik. Bu gün Polşanın Krakov şəhərində üçüncü Avropa Oyunlarına start veriləcək.
Oyunların ilk rəsmi günündə yeddi idman növü üzrə yarışlar təşkil olunacaq.
İdmançılar atletika və çimərlik həndbolunda mübarizəyə qoşulacaqlar. Həmçinin sinxron üzgüçülük, basketbol 3X3, BMX, kanoe-sprint və padeldə yarışlar başlayacaq.
Azərbaycan yığması bu növlərdən ikisində təmsil olunacaq. Atletlərimiz bu növdəki ikinci yarış günündə güclərini sınayacaqlar. Həmçinin padeldəki təmsilçilərimiz mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, iyunun 20-də Azərbaycan idmançılarının Polşada keçiriləcək III Avropa Oyunlarına təntənəli yola salınması mərasimi olub.
Gənclər və İdman Nazirliyinin inzibati binasının qarşısında təşkil olunmuş mərasimdə azarkeşlər, idmançıların yaxınları, müxtəlif federasiyaların rəsmiləri, nazirliyin əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Yolasalma mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idmançılara uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan III Avropa Oyunlarında 86 idmançı ilə təmsil olunacaq. Atletlərimiz idmanın 13 növü - oxatma (1 nəfər, Krakov şəhəri), badminton (4 nəfər, Tarnov şəhəri), çimərlik futbolu (12 nəfər, Tarnov şəhəri), boks (12 nəfər, Novı Tarq şəhəri), qılıncoynatma (12 nəfər, Krakov şəhəri), cüdo (11 nəfər, Krynica-Zdroj şəhəri), karate (8 nəfər, Bielsko-Biala şəhəri), muay-tay (4 nəfər, Mislenice şəhəri), kikboksinq (2 nəfər, Krakov şəhəri), padel (2 nəfər, Krakov şəhəri), atıcılıq (10 nəfər, Vroslav şəhəri), taekvondo (8 nəfər, Krynica-Zdroj şəhəri) və triatlon (1 nəfər, Krakov şəhəri) üzrə yarışlarda mübarizə aparacaqlar.
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.