BAKI, 19 iyun — Sputnik. Azərbaycan və Ermənistan sülh müqaviləsinin bağlanması üçün hələ də bir sıra əsas məsələlər, o cümlədən sərhədlərin delimitasiyası xəritələri barədə razılığa gəlməyiblər. Bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan parlamentdə keçirdiyi brifinqdə deyib.
"Təəssüf ki, hazırda hansı xəritə əsasında delimitasiya və demarkasiya prosesinin getməsi barədə razılıq yoxdur", - deyə Kostanyan bildirib.
Həmçinin Qarabağdakı erməni əhalisinin təhlükəsizliyi və hüquqlarının təminatı, Xankəndi və Bakı arasında dialoqla bağlı konsensus yoxdur. Nazir müavini tərəflərin mövqelərinin bir-birindən kifayət qədər uzaq olduğunu, lakin işin davam etdiyini bildirib.
Onun fikrincə, Azərbaycanın Ermənistanla sərhədində və Qarabağda müşahidə olunan gərginliyin artması regionda sülh və sabitliyin bərqərar olmasına mane olur.
Bölgədə kommunikasiyaların açılması mövzusuna toxunan Kostanyan vurğulayıb ki, marşrutların açılması müstəsna olaraq tərəflərin suverenliyi və ərazi bütövlüyü çərçivəsində baş tutmalıdır.