BAKI, 19 iyun — Sputnik. İngiltərə Bankının monetar siyasətinin sərtləşdirilməsi, əsas faiz dərəcəsinin illik 6%-ə yüksəldilməsi Böyük Britaniya iqtisadiyyatı üçün mənfi nəticələrə gətirib çıxaracaq.
"Bloomberg" proqnozlara istinadən xəbər verir ki, söhbət krallıqdakı müəssisə və şirkətlərin işçilərinin kütləvi ixtisar riskindən gedir.
İqtisadçıların fikrincə, hazırda uçot dərəcəsinin illik 6%-ə yüksəldilməsi ssenarisi olduqca mümkündür. Bu ssenaridə, Britaniya ev təsərrüfatları ipoteka kreditlərinin artan xərcləri fonunda maliyyə yükünün artması ilə qarşılaşacaq. Büdcələri artıq kredit borclarının ödənilməməsinin sürətlə artması ilə üzləşən kiçik firmalar da qurban ola bilər.
Mayın 27-də "The Independent" qəzeti London İqtisadiyyat Məktəbinin (LSE) analitiklərinin araşdırmasının nəticələrinə istinadən yazıb ki, Böyük Britaniya Avropa İttifaqından (Aİ) çıxdıqdan sonra krallıqda ərzaq qiymətləri bütün zamanların ən yüksək həddinə yaxınlaşıb. Böhran fonunda xərclər orta hesabla 25% artıb. Eyni zamanda bürokratik məhdudiyyətlər nəticəsində dəyən ümumi zərər 6,95 milyard funt sterlinq təşkil edib.