BAKI, 18 iyun — Sputnik. Bu yaxınlarda "Bakı payızı 2023" müsabiqəsinin birinci və ikinci turları çərçivəsində konsert proqramları keçiriləcək. Azərbaycanda hər il musiqi müsabiqələri keçirilir. Eyni zamanda, musiqiçilərimiz xarici müsabiqələrdə də iştirak edirlər. Həmin dönəmlərdə ulduz olsalar da, sonra unudulurlar. Onların unudulmasının səbəbi nədir?
Xalq artisti Mübariz Tağıyev uzun illər "Yeni ulduz" müsabiqəsində münsiflər heyətinin üzvü olub. Sənətkar bildirir ki, bunun üçün maliyyə ilə yanaşı müğənnin özü də cəhd etməlidir:
"Müsabiqədən sonra gərək yeni mahnılar yazdırsın. Təəssüf ki, bu gün elə bir dövrə çatmışıq ki, hər şeyi özləri etməlidirlər. Sovet vaxtı rayonlarda, paytaxtda klublar, mədəniyyət evləri var idi. Müsabiqədən çıxmış sənətçi orada çıxış edirdi. İndi isə sənətçilər özlərini ancaq toyda göstərə bilirlər. Ya da sponsor tapmalıdırlar ki, onları maliyyələşdirsinlər".
Xalq artisti əlavə edir ki, bəzən şirkətlər, prodakşınlar səsi mükəmməl olan müğənniyə deyil hansısa səsi olmayanlara "pul tökürlər":
"Yeni ulduz" müsabiqəsinin qaliblərindən olan Vüqar Muradov qeyd edir ki, müsabiqədən sonra müğənni sənətini davam etdirməsə unundulacaq:
"Müsabiqədən sonra müğənni özünü mütləq "raskrutka" etməlidir. Yeni mahnılar yazdırmaldır. Əks halda unudulacaq. Çünki, bu gün elə bir dövrə çatmışıq ki, məşhur olmaq olduqca asandır. İndiki dövrdə yadda qalmaq qəliz məsələdir".
Müğənni bildirir ki, sosial şəbəkələr televiziyaları üstələdiyinə görə, artıq müsabiqələrə bir o qədər də maraq yoxdur:
2003-cü ildə Lider TV-də yayımlanan "Sing Your Song", 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsində iştirak edən, 2014–2015 mövsümündə TV8 kanalında yayımlanan "O Səs Türkiyə" müsabiqəsində isə qalib olan Elnur Hüseynov bildirir ki, sənətə davam etmək üçün fikir, sponsor, maliyyə lazımdır. Nə qədər bacarıqlı olsan belə, qapılar pulla açılır:
Müğənni Türkiyənin "O səs Türkiye" yarışmasındakı iştirakından da danışıb:
"O ses Türkiye"dəki birincilər yoxdurlar. Nə məndən əvvəl, nə də sonra. Çünki qəribə bir şey var orada. "O ses Türkiye"dən sonra "Avrupa müzik"lə sövdələşməyə getmişdim. O da bu cür baş verir. "O ses Türkiye"yə gələndə 2 sövdələşməyə imza atırsan. Birincisi "TV8", "Acun Media" ilədir. Bir il ərzində başqa televiziyaya getməyəcəksən, müsahibə verməyəcəksən. İkinci də o vaxt keçərli olur ki, birinci olursan. Qalib oldum və "Avrupa müzik"ə keçdim. İki il ərzində heç nə etmədilər. Soruşurdum ki, niyə nəsə etmirik? Məndən öncə bir uşaq birinci olmuşdu. Aşpaz idi, opera oxuyurdu, gözəl də səsi var idi. Dedim ki, "ona niyə albom çıxartmamısınız?" Dedilər ki, "satılmır, elə olur, belə olur". Soruşdum nə elə olur? Dedim götürsəniz internetdən aranjemanlar var, pulla alsanız, bir disk başlayın da ona. İşləmək istəmirlər. Bir il ərzində də sponsorlar gəldi-getdi, çünki sövdələşmə var idi. O vaxt danışa bilmirdim. Bəli, mən özüm mahnı yaza bilərəm, dostlarım, çevrəm, yaxınlarım var, özüm də bacara bilərəm. Amma belə uşaqlar var idi ki, gedirdilər ora ki, indi hər şey gözəl olacaq, amma olmadı. Belə olmamalıdır".