DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tokioda "Harri Potter" parkı açılıb

Biletlərin qiyməti 18 yaşdan yuxarı olanlar üçün təqribən 45 dollar, 4-11 yaş arası uşaqlar üçün isə 27 dollar təşkil edir.
Sputnik
BAKI, 17 iyun — Sputnik. Yaponiyanın paytaxtı Tokioda "Harri Potter" filmlərinə əsaslanaraq inşa edilən dünyanın ən böyük qapalı əyləncə parkı istifadəyə verilib.
Bu barədə “The Japan Times” məlumat yayıb.
Tokionun Nerima rayonunda yerləşən parkın ərazisi 30 000 kvadratmetrdir.
“Warner Bros. Studios Japan”in idarə etdiyi parka giriş üçün biletləri əvvəlcədən sifariş əsasında əldə etmək mümkün olacaq.
Biletlərin qiyməti 18 yaşdan yuxarı olanlar üçün 6300 yen (45 dollar), 12-17 yaş arası şəxslər üçün 5200 yen (37 dollar) və 4-11 yaş arası uşaqlar üçün isə 3800 (27 dollar) yendir.
Xatırladaq ki, Harri Potter məşhur ingilis yazıçı Coan Ketlin Roulinqin silsilə romanlarının baş qəhrəmanıdır. 26 iyun 1997-ci ildə ilk romanı olan "Harri Potter və Fəlsəfə Daşı"( Harry Potter and the Philosopher's Stone) nəşr olunduqdan sonra kitablar dünya miqyasında böyük populyarlıq və kommersiya uğuru qazandı.
Onlar azyaşlı auditoriyanı, eləcə də gənc oxucuları cəlb etmişdilər. 2023-cü ilin fevralına olan məlumata görə, kitablar dünya üzrə 600 milyon nüsxədən çox satılıb və bu, tarixdə ən çox satılan kitab seriyasına çevirib. Səksən beş dildə tərcümə olunan kitab ardıcıl olaraq tarixdə ən sürətli satılan kitablar kimi rekorda imza atıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.