BAKI, 16 iyun - Sputnik. "İctimai nəqliyyatın xidmət keyfiyyətinin artırılması üçün diqqət artırılmalıdır". Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, bu qanunun qəbulunda əsas məqsəd vətəndaşların hüquqlarının qorunmasıdır və vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur:
“Vahid taksi xidmətinin yaradılması ilə bağlı fikirlər nə bu qanun layihəsində, nə də Nazirliyin fəaliyyətində yoxdur. İctimai nəqliyyatın xidmət keyfiyyətinin artırılması üçün diqqət artırılmalıdır. İctimai nəqliyyat gəlirli sahə olmadığına görə bir çox hallarda dövlət tərəfindən subsidiyalaşdırılır. İctimai nəqliyyatın genişləndirilməsi, sürət qatarlarının, alternativ ictimai nəqliyyatın yaradılması üçün bu gün müzakirələr gedir”.
Qeyd edək ki, Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklik layihələri Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Layihələri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Müzakirələrdən sonra layihələr səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.