BAKI, 16 iyun - Sputnik. Moskva Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrini açmaq üçün Bakı və İrəvanla demək olar ki, hər gün əlaqə saxlayır. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk RİA Novosti-yə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPBİF) kuluarlarında bildirib.
“Rusiya danışıqlarda iştirak edir, həll yolları təklif edir, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri arasında ünsiyyəti, dialoq platformasını təmin edir. Mən blokun açılmasının (nqliyyat kommunikasiyalarının - red. ) dəqiq nə vaxt və nə qədər tez və ya gec baş verəcəyi barədə suala heç vaxt cavab vermirəm, tərəflər nə vaxt razılaşacaqsa, o zaman da açılacaq”, - deyə Overçuk bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistandan olan həmkarları ilə Moskvada keçirilən görüşdən sonra həll olunmamış məsələlərlə bağlı Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə SPBİF çərçivəsində müzakirələr aparıb.
"Əsas iş daim davam edir. Biz Azərbaycan tərəfi və Ermənistan tərəfi ilə demək olar ki, hər gün nəqliyyat əlaqələrinin açılması mövzusunda əlaqə saxlayırıq. Həqiqətən də belədir. Biz daimi ünsiyyətdəyik - telefon zəngləri, fayl mübadiləsi. İş təkcə görüşdən görüşə aparılmır", - deyə o, üçtərəfli işçi qrupun növbəti görüşünün vaxtını şərh edərkən bildirib.
Bundan əvvəl, iyunun 2-də Moskva, Bakı və İrəvanın işçi qrupunun görüşünün yekunları üzrə Overçuk Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının bloklanması üzrə dialoqda mühüm irəliləyişin olduğunu qeyd edib. İyunun 14-dən 17-nə qədər Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.