Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Baş Prokurorluq: "Ermənistanın Laçındakı təxribatı ilə bağlı cinayət işi başlanılıb"

Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir və digər zəruri istintaq hərəkətləri aparılır.
Sputnik
BAKI, 15 iyun - Sputnik. Ermənistanın Laçındakı təxribatı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 15-i saat 8 radələrində Ermənistan Respublikası hərbi qulluqçularının Ermənistan Respublikası ərazisində yerləşən mövqelərindən Azərbaycan Respublikası Laçın rayonunun ərazisində yerləşən Laçın Sərhəd Nəzarət Məntəqəsində xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qarşı müxtəlif çaplı odlu silahlardan açdıqları atəşlər nəticəsində DSX-nin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.
Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir və digər zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir.
Baş vermiş hadisənin təfərrüatları barədə hadisə yerinin müayinəsi və digər istintaq hərəkətləri keçirildikdən sonra ətraflı məlumat veriləcək.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
XİN: "Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı hərbi təxribatı qətiyyətlə pisləyirik"