"Görkəmli musiqiçi, sənətdə ilk addımlarımdan məni dəstəkləyən Səyavuş Kərimi mahnını aranjman etdi. Məsləhətləşib mahnını oxumağı səhnəyə ilk addımlarını atan, o zamanlar çox gənc və eyni zamanda gözəl ifaçı olan Lalə Məmmədovaya həvalə etdik. Mahnı 1999-cu ildə oxundu. 2000-ci ildə mahnıya keçmiş "ABA" kanalının təşəbbüsü ilə rejissor Aqil M.Quliyev tərəfindən gözəl bir klip çəkildi".
"Bu mahnı artıq uzun illərdir ki, böyükdən kiçiyə çox nəsillər üçün hədiyyədir. Bu, xatirələrin musiqiyə çevrilməsidir. Yəqin, doğru zamanda yazılıb, gözəl alınıb, kütləvi sevilib ki, yeni mahnıya ehtiyac qalmayıb. Bir də ki, belə ali mövzularla ehtiyatla, peşəkarlıqla yanaşmaq, həssas davranmaq lazımdır. Bu mövzuda yazılacaq əsərlər "Məktəb illəri" qədər gözəl olarsa, buna ancaq sevinərəm".
""Məktəb illəri"ndə hamının necə xoşbəxt olduğunu düşündüm. Gülüşümüzün, sevincimizin necə içdən, həqiqi olduğunu düşündüm. Həyatı sonralar yaşayırsan əslində. Bu hisslərin təsiriylə artıq vərəqləri saralmış şeir dəftərimdə İki bənd yazdım: Geyimimiz, hüququmuz bir idi, Şagird idi hamımızın adı da. Elə bil ki, boyumuz da eyniydi, aman Allah, nə xoşbəxtdik biz onda. Dünya hələ bizim üçün nağıldı, min arzuyla alışardıq yanırdıq, Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq... O qədər qəhərləndim ki, ardını yaza bilmədim, yarımçıq qaldı. O şeir dəftərini bacım Aybəniz Aygünə vermişdi. Bir də gördüm evə zəng vurdu. Dedi ki, "mən bu şeirə mahnı yazıram". "Yarımçıqdır, özü də ağrılıdır" dedim. Qəribə bir qərarlı tərzdə "Yaz da şeiri. Gör, bu necə mahnı olacaq" dedi. Sonrasını hamımız bilirik".