BAKI, 13 iyun — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi orta məktəblərdə keçiriləcək "Son zəng" tədbirləri ilə bağlı valideynlərə xəbərdarlıq edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hər il olduğu kimi, bu il də Təhsil Nazirliyi tərəfindən məzunların hansı qaydada "Son zəng" tədbiri keçirməsi ilə bağlı ictimaiyyətə məlumat verilib: "Yol polisi olaraq qeyd etmək istəyirik ki, ötən illərdə də müxtəlif formalarda xoşagəlməz hadisələr baş verib. Belə ki, həmin gün valideynlər övladlarına avtomobillərini həvalə edirlər, bu da sonda bədbəxt hadisənin yaranmasına səbəb olur. Bir daha valideynlərə xəbərdarlıq edirik ki, avtomobilləri idarəetmə hüququ olmayan şəxslərə verməsinlər. Bu, həm inzibati xətadır, həm də ictimai asayiş pozulur.
İdarənin baş inspektoru bildirib ki, "Son zəng" tədbirləri ilə əlaqədar olaraq bütün təhsil müəssisələrinin ətrafında Bakı şəhər Baş Polis İdarəsi tərəfindən gücləndirilmiş qaydada xidməti fəaliyyət davam etdiriləcək: "Bir daha valideynlərdən və məzunlardan xahiş edirik ki, bu cür qanunsuz əməllərə yol verməsinlər. Əziz məzunlar, "Son zəng"i sonuncu gün kimi qeyd etməyin".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.