BAKI, 13 iyun-Sputnik. "Azərbaycan" qəzetinə sistemli pul ayrılmasa, qəzet fəaliyyətini dayandıracaq".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı "Azərbaycan" qəzetinin Baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib.
Deputat bildirib ki, ötən il müraciətləri əsasında birdəfəlik yardım göstərilib: "Mən cari ildə qəzetin yaşadılması üçün Milli Məclisə müraciət etdim. Amma aldığım cavabdan bəlli oldu ki, heç bir yardım mümkün deyil. Halbuki qəzetimiz Milli Məclisin orqanıdır. Qəzetin maliyyə və texniki təminatı Milli Məclis tərəfindən edilməlidir. Artıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını ödəyə bilmir".
Sadıqovun sözlərinə görə, vəziyyət göstərir ki, hər il onlara ("Azərbaycan" qəzetinə - red.) ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı edilməlidir. Əks təqdirdə qəzetin çapı dayanacaq.
"Qəzetdə 65 yaradıcı və texniki işçi çalışır. İş rejimimiz rəsmi materiallardan asılı olaraq, 2 və ya 3 növbəli olur. Bir çox əməkdaşımız uzun illərdir, qəzetdə işləyir. Qəzet bağlansa, onlar yeni saytlarda iş tapa bilməyəcəklər. Qəzet bağlansa, qəzetin işçilərinin mətbuat xidmətlərində və digər yerlərdə işlə təmin olunmasını xahiş edirəm”, - Baş əlavə edib.
Parlamentin Sədri Sahibə Qafarova isə Bəxtiyar Sadıqovun çıxışına cavab olaraq vurğulayıb ki, üç ildə Milli Məclis hər zaman qəzetə dəstək olub. Lakin qəzet də işini günün tələblərinə uyğun qurmalıdır.
"Sizinlə də bu barədə danışılıb. Ancaq Siz işinizi zamanın bugünkü tələblərinə uyğun qurmalısınız. Aidiyyəti qurumlar da Sizinlə danışıb" - Spiker deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.