BAKI, 12 iyun — Sputnik. Gürcüstanda Ermənistan, Azərbaycan və Moldovanın yanğınsöndürmə-xilasetmə qruplarının iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, təlimlər iyunun 12-dən 16-dək Aİ-nin ekspert və texniki dəstək proqramının himayəsi altında keçiriləcək.
Təlimlərdə əvvəlcədən hazırlanmış meşə yanğını ssenariləri işlənəcək. Təlimin məqsədi irimiqyaslı təbii fəlakətlər zamanı aidiyyəti bölmələrin əlaqələndirilməsini təkmilləşdirməkdir.
Təlimlərə avtomobil texnikası və aviasiya da cəlb olunacaq.