BAKI, 11 iyun - Sputnik. Bu günə qədər NATO daxilində Ukraynanın alyansa daxil olması ilə bağlı konsensus yoxdur. Belə bir bəyanatla qurumun baş katibinin müavini Mirça Coane “DCNews” “YouTube” kanalında çıxış edib.
“Hazırda NATO daxilində Ukraynanın ora daxil olması ilə bağlı konsensus yoxdur”, - deyə Şimali Atlantika Alyansının nümayəndəsi bildirib.
Onun fikrincə, müvafiq qərarın qəbulu Ukraynada hərbi əməliyyatlar bitənə qədər təxirə salınmalıdır. Eyni zamanda, blok daxilində bu mövzuda müzakirələrin intensiv olduğunu qeyd edən Coane əlavə edib ki, Vilnüsdə keçiriləcək sammit zamanı Ukrayna lideri Vladimir Zelenskinin NATO üzvü olan ölkələrin başçıları ilə bir masa arxasında əyləşməsi planlaşdırılır.
"Hazırda aydın olub ki, Ukrayna NATO-ya, Qərb demokratiyalarına həmişəkindən daha yaxındır", - deyə baş katibin müavini vurğulayıb.
Bundan əvvəl Vladimir Zelenskinin ofisinin rəhbərinin müavini İqor Jovkva bildirib ki, Şimali Atlantika Alyansına üzv 20 ölkə Ukraynanın NATO-ya üzvlüyünə dəstəyini sənədləşdirib.
Xatırladaq ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov əvvəllər diqqəti ona yönəldirdi ki, məhz Kiyevin Şimali Atlantika Alyansına qoşulmağa istiqamətlənməsi xüsusi hərbi əməliyyatın başlamasının səbəblərindən biri olub. Onun sözlərinə görə, Ukraynanı NATO-ya qəbul etmək çağırışları ilə Vladimir Zelenski Moskva ilə dialoqdan imtina edir.