Azərbaycanda yeni formada “Exchange”lər açılacaq - Ekspertlər nə düşünür?
Ekspertin sözlərinə görə, qeyri-rəsmi olaraq hər bir vətəndaşa il ərzində 20 min manatadək valyuta dəyişmə limiti qoyulub. Bu limitin qoyulması doğru deyil və buna ehtiyac da yoxdur.
SputnikBAKI, 9 iyun — Sputnik. Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələrinin formalaşacağını söyləyib. O, institusional valyuta mübadilə şöbələrinin yaradılmasının "Mərkəzi Bank haqqında" qanuna dəyişiklikdə nəzərdə tutulduğunu bildirib.
Onu da qeyd edək ki, Mərkəzi Bank valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edəcək. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan "Valyuta tənzimi haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Ekspertlər valyuta dəyişmə məntəqələri ilə bağlı nə düşünürlər...
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, uzun müddət ölkədə valyuta dəyişmə məntəqələri bağlı qaldı, təkcə banklar vasitəsilə mübadilənin həyata keçirilməsi mümkün idi. Lakin son bir neçə ildə valyuta dəyişmə məntəqələrinin açılması üçün kriteriyalar elan olundu və lisenziyaların verilməsinə başlanıldı. Yəni bu sahədə müəyyən yumşalmalar həyata keçirildi. Hazırda valyuta dəyişmə məntəqəsi açmaq üçün lisenziya alanlar azdır.
"Praqada, Berlində kiçik valyuta dəyişmə məntəqələri fəaliyyət göstərir"
İnstitusional valyuta mübadilə şöbələrinin yaradılmasına gəlincə, ekspert bildirib ki, ola bilər ya bir yaxud bir neçə böyük şirkət lisenziya alıb ölkə üzrə şəbəkə yaradacaq, ya da bankların öz şəbəkələrini yaratması və genişləndirməsi ilə bağlı qərar veriləcək:
"Bu sahədə də rəqabətli mühitə ehtiyac var. Valyuta dəyişmə məntəqələrinin xarici görünüşü insanları az maraqlandırır. Hətta Avropanın bir çox şəhərlərində (Praqa, Berlin və s.) kiçik valyuta dəyişmə məntəqələri fəaliyyət göstərir və bu, əhali üçün daha rahatdır. Əgər biz turizmi inkişaf etdirmək istəyiriksə, turistlərin valyuta dəyişməsini daha da asanlaşdıran addımlar atmalıyıq. Azərbaycanın bölgələrində bu məsələ ciddi problemdir".
"Türkiyə modelinin ölkəmizdə tətbiqi daha uyğundur"
Onun sözlərinə görə, banklardan kənarda fəaliyyət göstərən sırf valyuta dəyişmə məntəqələri olmalıdır:
"Bu, dünyada geniş yayılmış praktikadır. Əsasən də turizmi inkişaf etdirmək istəyən ölkələrdə bu, çox geniş yayılıb. Əgər Azərbaycan bununla bağlı model axtarırsa, ən uğurlu modellərdən biri Türkiyə modelidir. Türkiyə modelinin ölkəmizdə tətbiqi daha uyğundur və bəzi problemləri də aradan qaldıracaq. Məsələn, bazar günləri valyuta dəyişdirmək olmur, bəzən xarici turistlər, əhali buna görə çətinlik çəkir. Yaxud da saat 17.00-dan sonra bir çox yerlərdə valyuta mübadilə məntəqələri işləmir. Bu da "qara bazar"ın yaranmasına səbəb olur. Yəni tələb olan yerdə təklif olmursa, bu, "qara bazar"ın artmasına səbəb ola bilər".
"Valyuta məntəqələrinin fəaliyyəti üçün tələblər normaldır"
O bildirib ki, Azərbaycanda valyuta mübadiləsi məntəqələrinin fəaliyyəti üçün qoyulan tələblər normaldır. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxs bankda xüsusi hesaba müvafiq qurum tərəfindən müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Bundan başqa, valyuta dəyişmə məntəqəsinin təhlükəsizlik qaydalarına uyğun olub-olmaması məsələsi var və s. Mövcud tələbləri sərtləşdirməyə ehtiyac yoxdur.
"Limitin qoyulması doğru deyil"
Ekspert valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin apardığı valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddinin müəyyən ediləcəyi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, onsuzda indiyədək valyuta dəyişmədə qeyri-rəsmi limit var idi, indi isə bunu qanuniləşdirmək istəyirlər. Yəni limit məsələsini qanuni şəklə salmağa çalışırlar. İndiyədək qeyri-rəsmi olaraq hər bir vətəndaşa il ərzində 20 min manatadək (təxminən 11 min 500 ABŞ dolları) valyuta dəyişmə limiti qoyulub. Bu limitin qoyulması doğru deyil və buna ehtiyac da yoxdur. Ümumiyyətlə, valyuta, maliyyə alətləri ilə bağlı istənilən məhdudiyyət investorlar tərəfindən pis qarşılanır.
Ekspert: "Bir vətəndaş il ərzində yalnız 20 min manat ekvivalentində xarici valyuta ala bilər"
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, hazırda ölkədə valyuta mübadilə məntəqələrinin fəaliyyəti ilə bağlı problem yoxdur:
"İstənilən bankın filialına və şöbəsinə girib pulu dəyişmək olur. Banklardan kənarda sırf valyuta dəyişmə məntəqəsi azdır, lakin bu da insanlar üçün çətinlik yaratmır. Hətta bəzi bankların bankomatlarından xarici valyuta da çıxartmaq olur. Bu məsələ tələbata bağlıdır. Tələbat varsa, valyuta məntəqəsi şənbə və bazar günləri də işləyəcək. Kim pul qazanmaqdan qaçar?"
Onun sözlərinə görə, bu sahədə ancaq bir problem var. Bu da valyuta dəyişmək ilə bağlı qeyri-rəsmi, qeyri-qanuni məhdudiyyətin qoyulmasıdır. Bir vətəndaş il ərzində yalnız 20 min manat ekvivalentində xarici valyuta ala bilər.
"Valyuta alışına tələbat da kəskin azalıb"
"Digər tərəfdən, valyuta alışına tələbat da kəskin azalıb. Birincisi, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. İkincisi isə valyuta dəyişmək ilə bağlı qeyri-rəsmi məhdudiyyətin olmasıdır. Bu məhdudiyyət insanları valyuta alışından çəkindirir. Yəni şəxs düşünür ki, bankda ona bu pulu haradan qazandığı barədə sual verəcəklər və s.", - deyə o əlavə edib.
Taleh Kazımov: "Podyezd"də, "budka"da valyuta məntəqələri olmamalıdır
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib ki, Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələri formalaşdırılacaq. O qeyd edib ki, institusional valyuta mübadilə şöbələrinin yaradılması nəzərdə tutulur:
"İstəyirik ki, ölkəmizdə beynəlxalq təcrübədəki kimi banklardan ayrı, institusional valyuta mübadilə biznesi formalaşsın. Hamımız xaricə gedəndə görürük ki, səliqəli, normal valyuta mübadilə məntəqələri var. Mən də bir azərbaycanlı kimi istəyərəm bizdə də belə olsun. Hansısa "podyezd"də, "budka"da yox, institusional formada valyuta mübadilə şöbələri formalaşsın".
T.Kazımov həmçinin bildirib ki, "Mərkəzi Bank haqqında" qanuna dəyişiklikdə bu məsələ nəzərdə tutulur.
Deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib ki, Azərbaycanda, xüsusilə regionlarda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin genişləndirilməsinə böyük ehtiyac var:
"Şənbə və bazar günləri banklar işləməyəndə turistlər pulu harda dəyişsinlər?".
Ölkədə “Exchange”lərin fəaliyyəti 2016-cı ildən dayandırılıb
Xatırladaq ki, ölkədə “Exchange”lərin (valyuta dəyişmə məntəqələri) fəaliyyəti 2016-cı ildən dayandırılıb. 2016-cı ilin yanvar ayında manatın ikinci devalvasiyasından az sonra bankların şöbə və filiallarından kənarda fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin bağlanılması barədə qərar qəbul edilib. Məqsəd milli valyutanın təzyiq altında qalmaması və ölkədən kapital axınının qarşısının alınması olub.
2017-ci ildə manatın məzənnəsinin nisbi sabitləşməsindən sonra ölkədə "Valyuta tənzimi haqqında" yeni qanun qəbul edilib. Həmin qanunla valyuta mübadiləsi lisenziyalaşdırılmış fəaliyyət növü hesab edilməyə başlayıb. Bu qanun banklardan kənarda valyuta dəyişmə məntəqəsi açmağa icazə verib. Bunun üçün müəyyən tələblərə əməl olunması ilə yanaşı, girov vəsait tələb olunur. Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Lisenziya qüvvədə olduğu müddətdə həmin girov geri qaytarılmır. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan dövlət rüsumunun məbləği "Dövlət rüsumu haqqında" qanun ilə müəyyən edilir.
"Valyuta tənzimi haqqında" qanuna görə, Azərbaycanda valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququna yalnız yerli banklar, xarici bankların yerli filialları, poçt rabitəsinin milli operatoru və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər malikdirlər.
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanundan irəli gələn tələblərə əməl etməlidirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.