BAKI, 8 iyun — Sputnik. Qərb ölkələri Rusiyanı və bu ölkənin sahibkarlarını qarət edib. İndi bütün vəsaitləri qaytarmaq üçün uzun bir yol var. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov iyunun 8-də deyib.
"Əlbəttə, bizim sahibkarlar və dövlətin özü Qərbdə qarət olunub. Müxtəlif formatlarda, lakin hamısı Qərbdə qarət edilib", - deyə Rusiya liderinin mətbuat katibi bildirib.
Peskov vurğulayıb ki, bu yolla Qərb ölkələri bütün "əsas qayda və prinsipləri" pozub və indi Rusiyanı bütün vəsaitləri geri qaytarmaq üçün "çox çətin və uzun yol" gözləyir.
Xatırladaq ki, mayın sonunda Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand Avropa İttifaqı (Aİ) ölkələrinin dondurulmuş Rusiya aktivləri barədə məlumat verdiyini bildirib. Onun sözlərinə görə, söhbət 200 milyard avrodan çox məbləğdən gedir. Lakin o, bu vəsaitlərin harada olduğunu deyə bilməyib və müvafiq məsələ ilə birbaşa Aİ ölkələrinə müraciət etməyi tövsiyə edib.
Eyni zamanda, Rusiya Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, rusiyalı investorlar bu yaxınlarda xaricdə dondurulmuş aktivlərin bir hissəsinə hüquqlarını bərpa edə biliblər. Onun sözlərinə görə, söhbət təxminən 3 trilyon rubldan gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.