İDMAN

Braziliya milli futbol komandası irqçiliyə etiraz olaraq ilk dəfə qara geyimdə oynayacaq

Futbolçular iyunun 17-də Barselonada Qvineya ilə keçiriləcək oyunda meydana qara formada çıxacaqlar.
Sputnik
BAKI, 7 iyun — Sputnik. Braziliya milli futbol komandası ilk dəfə olaraq meydana milli bayrağın rənglərindən ibarət ənənəvi formada deyil, qara köynəklərdə çıxacaq. Bununla da komanda "Real Madrid"in hücumçusu Vinisius Juniora olan irqçilik təzahürlərinə qarşı etirazlarını bildirmiş olacaqlar.
Bu barədə "Globo" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, futbolçular iyunun 17-də Barselonada Qvineya ilə keçiriləcək oyunda meydana qara formada çıxacaqlar. Vinisius Juniorun özünün də oyunda iştirakı gözlənilir. İlk hissədən sonra futbolçular qara köynəklərini ənənəvi formaya keçirəcəklər.
Xatırladaq ki, mayın 21-də "Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior "Valensiya" ilə səfər matçında azarkeşlərin irqçi təhqirlərinin qurbanı olub. Matçın sonunda hücumçu azarkeşlərə "Valensiya"nın İspaniya çempionatının yüksək divizionundan aşağı düşmə ehtimalına işarə edən jest göstərib, bundan sonra rəqibin futbolçuları ilə mübahisədə iştirak edib və qırmızı vərəqə alıb.
Matçdan sonra "Real Madrid" İspaniya Baş Prokurorluğuna müraciət edərək Vinisiusa qarşı irqçi təhqirlərin araşdırılmasını tələb edib. Mayın 23-də İspaniya Milli Polisinin "Valensiya" - "Real Madrid" matçında braziliyalı hücumçuya qarşı irqçi təhqirlər etməkdə ittiham olunan üç nəfəri saxlayıb. İspaniya Kral Futbol Federasiyasının Rəqabət Komitəsi komandanın azarkeşləri tərəfindən braziliyalı oyunçuya qarşı irqçi təhqirlərə görə "Valensiya" klubunu 45 min avro cərimələyib.