İQTİSADİYYAT

Azərbaycana xaricdən pul köçürmələri niyə azalıb?

Bir tərəfdən Rusiya və Ukrayna münaqişəsi pul köçürməyə təsir edib. Digər tərəfdən, bu il Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti ötən illə müqayisədə aşağı düşüb.
Sputnik
BAKI, 7 iyun — Sputnik. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 651,5 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan sürətli pul köçürmə sistemləri vasitəsi ilə xaricə köçürülən vəsaitin həcmi isə 138,9 milyon manat olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Bankın statistik bülletenində deyilib.
Beləliklə, cari ilin ilk 4 ayında keçən ilin yanvar-aprel aylarına nisbətən Azərbaycana pul köçürmələri 25,3 faiz və ya 221,3 milyon manat, ölkədən xaricə köçürmələr isə 44,6 faiz və ya 111,9 milyon manat azalıb.
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, pul köçürmə sistemi fiziki şəxslər tərəfindən pul vəsaitinin bank hesabı açmadan ölkə daxilində və ya ölkə xaricinə köçürülməsinə və ya onların xeyrinə köçürülən pul vəsaitlərinin əldə edilməsinə imkan verən sistemdir. Burada söhbət əsasən, fiziki şəxslərdən, vətəndaşlardan gedir.
Azalmanın səbəbləri
Pul köçürmənin azalmasının səbəblərinə gəlincə, ekspert bildirib ki, əsasən Rusiyadan, MDB məkanından ölkəyə pul göndərilir. Rusiya və Ukrayna münaqişəsi pul köçürməyə təsir edib. Digər tərəfdən, bu il Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti ötən ilə görə azalıb.
"Lakin növbəti aylarda Azərbaycanda iqtisadi aktivliyin güclənməsi gözlənilir və pul köçürmələrin həcmi də artacaq" -, deyə ekspert əlavə edib.
Keçən il Rusiyadan Azərbaycana pul köçürmələri kəskin artıb
Onu da xatırladaq ki, 2022-ci ildə Rusiya Federasiyasından Azərbaycana pul köçürmələrinin həcmi 2 milyard 969 milyon dollar təşkil edib ki, bu da ümumi köçürmələrin 82%-ni təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə pul baratlarının əsas göstəricilərinə dair məlumatında qeyd edilib.
Keçən il fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana göndərilən pul baratlarının həcmi 2021-ci illə müqayisədə 4,8 dəfə artıb.
2021-ci ildə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 623 milyon dollar həcmində pul köçürmələri həyata keçirilib.
Ümumilikdə 2022-ci ildə ölkəyə göndərilən pul baratlarının həcmi 3,2 dəfə artaraq 3,6 milyard dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 0,5% artaraq 0,7 milyard dollar olub. Nəticədə pul baratları üzrə 2,9 milyard dollar müsbət saldo yaranıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.