BAKI, 6 iyun — Sputnik. Azərbaycanda yolda sürət həddini aşmaya görə cərimələr artırılır.
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. İndiyədək yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilirdi.
Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq. İndiyədək yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat cərimə var idi.
Beləliklə, cərimələr bu istiqamətdə 50 manat artırılır.
Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik I oxunuşda qəbul edilib.
İnzibati Xətalar Məcəlləsi
Xatırladaq ki, Məcəllədə mövcud 328-ci maddə - Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma adlanır.
-Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir.
-Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir.
-Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə - yüz əlli manat məbləğində cərimə edilir.
-Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə - iki yüz əlli manat məbləğində cərimə edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.