BAKI, 6 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın ölkədəki tacik miqrantların hüquqlarına riayət edilməsinə sadiqliyini təsdiqləyib. Bunu Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin Lavrovla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
"Danışıqlar zamanı biz miqrasiya sahəsində əməkdaşlığı ətraflı müzakirə etdik. Miqrasiya proseslərinin tənzimlənməsi məsələlərində Rusiya tərəfi təsdiqlədi ki, Rusiyada vətəndaşlarımızın hüquq və azadlıqlarına uyğun olaraq planlı və plandankənar yoxlamalar aparılmalıdır", - deyə Muxriddin bildirib.
O qeyd edib ki, Tacikistanın hüquq-mühafizə orqanları bundan əvvəl Rusiya Federasiyasında vətəndaşlarla rəftarın qanuniliyini yoxlamaq üçün Rusiya tərəfinə sorğu göndərib.
Nazirin sözlərinə görə, miqrasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupların fəaliyyətinin aktivləşdirilməsinə dair razılıq əldə olunub.
Öz növbəsində, Lavrov qeyd edib ki, Rusiya "böyük diqqətlə" Tacikistanın əmək miqrasiyası sahəsində maraqlarına istinad edir, ortaya çıxan məsələlər ciddi şəkildə Rusiya qanunvericiliyi çərçivəsində həll olunur.
Rusiyalı nazir qeyd edib ki, bu məsələyə Tacikistan və Rusiya daxili işlər nazirliklərinin çərşənbə axşamı keçiriləcək birgə kollegiya iclasında diqqət yetirilməlidir.
Tacikistan hakimiyyəti son bir neçə həftə ərzində Rusiyada tacik vətəndaşlarının kütləvi saxlanması ilə bağlı daxil olan məlumatlardan dəfələrlə narahatlığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.