BAKI, 5 iyun — Sputnik. Türkiyə, Montrö Konvensiyasına əsasən, iyulun 1-dən ticarət gəmilərinin Qara dəniz boğazları zonasından - Bosfor və Çanaqqala boğazlarından keçməsinə görə rüsumları 8,3% artırır.
"Aydınlık" qəzeti bu barədə Türkiyə Nəqliyyat Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin məlumatına istinadən xəbər verib.
Nəşrin məlumatına görə, rüsum, bundan sonra 4,42 dollar olacaq. Həmçinin qeyd edilir ki, cari ildə Türkiyənin gəmilərin boğazlardan keçməsinə görə rüsumlardan əldə etdiyi gəlir, təxminən 900 milyon dollar təşkil edəcəksə, əvvəlki illərdə bu məbləğ 160-170 milyon dollara bərabər idi.
Xatırladaq ki, Boğaziçi və Çanaqqala boğazlarında naviqasiyanı tənzimləyən Montrö Konvensiyasına uyğun olaraq, onlardan keçməkdən ötrü tibbi nəzarət, mayak və gəmilərin təxliyəsi xidmətləri üçün ödənişlər alınır.
1936-cı ildə konvensiyanın imzalanmasından sonra rüsumların məbləği 0,8 dollara bərabər tutulan qızıl frank əsasında hesablanır. Bu məbləğ 1983-cü ildən 2022-ci ilə qədər dəyişməz qalıb.
Ötən ilin oktyabrından rüsumların dəyəri 4,08 dollara qədər artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.