İQTİSADİYYAT

“Şimal-Cənub” çərçivəsində Azərbaycan ərazisindən dəmir yolu daşımaları 40% artıb

Analitiklər hətta Rəşt-Astara dəmir yolunun tikintisi başa çatana qədər də İran istiqamətində tələbat artımının davam edəcəyini gözləyirlər.
Sputnik
BAKI, 5 iyun - Sputnik. Yanvar-may aylarında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin (BND) qərb marşrutu üzrə dəmir yolu daşımaları 38% artıb. Bu barədə "Kommersant" qəzeti xəbər verir.

“2023-cü ilin beş ayında Şimal-Cənub BND üzrə dəmir yolu daşımaları 40%-dən çox artaraq 4 milyon tona çatıb. Həcmin böyük hissəsi qərb marşrutu ilə gedir, burada hələ davamlı dəmir yolu əlaqəsi yoxdur. Şərq və Transxəzər istiqamətlərində artım 80%-i ötsə də, həcmlər hələ də nisbətən kiçikdir. Qərb ölkələri tərəfindən ixrac məhdudiyyətlərinin sərtləşdirilməsini nəzərə alaraq, analitiklər hətta Rəşt-Astara dəmir yolunun tikintisi başa çatana qədər də İran istiqamətində tələbat artımının davam edəcəyini gözləyirlər”, - deyə nəşr bildirir.

“Kommersant” Rusiya Dəmir Yollarına istinadən məlumat yayıb ki, belə daşımaların əsas payı Azərbaycandan keçməklə Rusiyanı İranla birləşdirən qərb marşrutunun payına düşüb - 3,6 milyon ton (artım 37,9%).
Xatırladaq ki, mayın 17-də Rusiya və İran arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalanıb.
Layihənin həyata keçirilməsi üçün Moskva 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayırıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur.
"Şimal-Cənub" BND Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) uzunluğu 7,2 min kilometr olan multimodal marşrutdur.
Üç BND marşrutu var: transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), qərb və şərq (quru).
Mayın 17-də Rusiya və İran BND-nin qərb marşrutu üzrə İranda Rəşt-Astara dəmir yolunun sonuncu zəruri hissəsinin tamamlanması üçün sənədlər imzalayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.