BAKI, 3 iyun - Sputnik. "İndiyədək aşkarlanan kütləvi məzarlıqlardan ümumilikdə 400-dən artıq insan meyit qalıqları tapılıb".
Bunu Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, kütləvi məzarlıqlar Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.
Şöbə rəisi bildirib ki, məzarlıqlardan tapılan insan meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eyniləşdirmə aparılması məqsədilə məhkəmə tibbi kriminalistik ekspertizası ilə yanaşı 200-dən artıq məhkəmə molekulyar genetik ekpertizası təyin olunub.
Xatırladaq ki, bu gün Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində kütləvi məzarlığın aşkar edilməsi barədə məlumat yayılıb. Sözügedən kütləvi məzarlıq Şuşa həbsxanasının ərazisində tapılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədovun verdiyi məlumata görə, kütləvi məzarlıq Şuşa həbsxanası yaxınlığında qazıntı aparılarkən tapılıb.
Buradakı insan qalıqlarının həbsxanada saxlanılan azərbaycanlı əsirlərə aid olduğu bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.