BAKI, 2 iyun — Sputnik. Bu gün Ukrayna münaqişəsinin tərəfləri danışıqlarda çətinliklərlə üzləşirlər, lakin onlar üçün şərait yaratmaq vacibdir, Çin bunu etməyə hazırdır. Bunu Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Avropa turunun yekunları üzrə mətbuat konfransında bildirib.
"Bu gün Ukrayna münaqişəsinin tərəfləri hələ də danışıqlar masası arxasına əyləşməkdə çətinliklərlə üzləşirlər, lakin ortaq məxrəcə gətirəcək nəsə olmalıdır. Çin deeskalasiyanı və danışıqları təşviq etməyə hazırdır", - Li Hui bildirib.
Ötən həftə Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Avropa turunu başa vurub, bu səfər zamanı Ukrayna, Polşa, Fransa, Almaniya, Belçika və Rusiyaya səfər edib. Burada Ukrayna böhranının siyasi həlli üçün Çinin sülh təşəbbüsünü müzakirə edib. Fevralda Çin hakimiyyəti Moskva ilə Kiyev arasında münaqişənin həlli üçün öz planını təklif etmişdi. Çinin atəşkəs çağırışları, təhlükəsizlik sahəsində bütün ölkələrin qanuni maraqlarına hörmət, Ukraynada humanitar böhranın həlli də daxil olmaqla 12 bənddən ibarətdir.
Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə Li Hui Çinin Rusiya da daxil olmaqla Ukrayna böhranı ilə bağlı bütün tərəflərlə dialoqu gücləndirəcəyini və bunun siyasi yolla həlli üçün real səylər göstərəcəyini bildirib. Çin nümayəndəsi həmçinin qeyd edib ki, Ukrayna böhranı məsələsində Çin həmişə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əməl edib, obyektiv və ədalətli mövqedən çıxış edib, sülh və sülh danışıqlarına təkid edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.