SƏHİYYƏ

Səhiyyə Nazirliyinin psixiatrı valideynlərə çağırış edib

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyib ki, depressiya uşaqlarda böyüklərdən daha tez və sürətli yaranır. Buna görə də valideynlər diqqətli olmalıdırlar.
Sputnik
BAKI, 1 iyun — Sputnik. Uşaqlar arasında psixoloji problemlər həm anadangəlmə, həm də sonradan qazanılmış ola bilir.
Bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyib.
O bildirib ki, uşaqlar arasında da depressiyadan əziyyət çəkənlər var: "Bəzi hallarda depressiyaya yalnız yetkin insanlarda rast gəlindiyini düşünürük. Amma bu, belə deyil. Bu psixi pozuntuya uşaqlar arasında da rast gəlinir".
"Eyni zamanda, depressiya uşaqlarda böyüklərdən daha tez və sürətli yaranır. Buna görə də valideynlər diqqətli olmalıdırlar", - deyə o əlavə edib.
A.Cabbarova bildirib ki, validyenlər övladlarına hər istədiyini almamalıdır. O, bu nüansın uşaqların gələcək həyatına mane olacağını söyləyib. Psixiatr bildirib ki, belə olan halda uşaqlar gələcəkdə çətinliklə qarşılaşanda qərar verməkdə çətinlik çəkəcəklər.
A.Cabbarovanın sözlərinə görə, bəzi valideynlər də uşaqlara tez-tez hədiyyə alacaqları halda, onların ərköyün olacağını düşünürlər. O, bunun da doğru yanaşma olmadığını vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.