BAKI, 1 iyun - Sputnik. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdəki hesabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun qeyri-rəsmi görüşü ilə bağlı paylaşım edib.
Paylaşımda bildirilir:
“Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin köməyi, eləcə də Almaniya və Fransanın iştirakı ilə keçirilən üçtərəfli görüş qeyri-rəsmi, müsbət və səmərəli şəraitdə baş tutub. Üçtərəfli görüşün növbəti mərhələsinin iyul ayında Brüsseldə keçirilməsi qərara alınıb”.
İyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Beştərəfli görüş bir saat yarım davam edib.
Daha sonra isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü baş tutub.