BAKI, 1 iyun - Sputnik. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında danışıqların növbəti raundu iyunun 12-də ABŞ-da başlayacaq.
APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Moldovada erməni icması ilə görüşündə bildirib.
Baş nazir qeyd edib ki, sabah Moskvada nəqliyyat kommunikasiyalarının açılması məsələləri üzrə üçtərəfli işçi qrupunun iclası keçiriləcək.
İyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Beştərəfli görüş bir saat yarım davam edib.
Daha sonra isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü baş tutub.