CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəyə sərmayə qoymaq istəyənlərin başını tumarlamaq əvəzinə, qapaz vuranlar var - deputat

Razi Nurullayevin sözlərinə görə, vergi güzəştləri yox, əlverişli biznes mühiti yaratmaq lazımdır. Vergi güzəştləri ayrı-ayrı bizneslərə xidmət edir, biznes mühitini yaxşılaşdırmır.
Sputnik
BAKI, 31 may - Sputnik. Ölkəyə sərmayə qoymaq istəyənlərin başını tumarlamaq əvəzinə, onların başına qapaz vuranlar var.
Bu fikri deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
"Məmurun bir nömrəli vəzifəsi iş adamına şərait yaratmaqdır ki, o da yaradılmır. Bəzən məni qınayırlar ki, niyə ölkədə azad biznes mühiti yoxdur deyirsən. Kağız üzərində hər şey yaxşıdır, amma bir iş adamı məmura gəlib çatanda onun cəhənnəm əzabları başlayır. Heç sovet dönəmində bu qədər get-gələ salmırdılar", - R.Nurullayev deyib.
Deputatın sözlərinə görə, vergi güzəştləri yox, əlverişli biznes mühiti yaratmaq lazımdır. Vergi güzəştləri ayrı-ayrı bizneslərə xidmət edir, biznes mühitini yaxşılaşdırmır.
"Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı verdiyi sərəncamları birbaşa icra edənlər düzgün icra etsəydi, ölkə gül-çiçək olardı. MDB məkanında, bütün regionda sahibkarlığın inkişafı üçün Prezident İlham Əliyev qədər addımlar atan, fərman və sərancam verən, konkret məqamlar üzrə sərt addımlar atan ikinci lider yoxdur...", - deyə deputat qeyd edib.
Deputatın fikrincə, əgər bir şəxs ölkəyə ya xaricdən ya da sandığından çıxarıb 1000 manat belə yatırım etmək istəyirsə, ona əlavə də 1000 manat vermək lazımdır ki, işini böyütsün. Kim 1 milyon manat qoymaq istəyirsə, onun yaxasından medal da asmaq lazımdır. Kim 5-10 milyon manat yatırım qoymaq istəyirsə, onları dövlət himayəsinə alıb, gündə 10 dəfə başını tumarlamaq lazımdır, çünki iş yerini iş adamı yaradır.
CƏMİYYƏT
"İtləri yığıb Koreyaya, Çinə sataq?" Deputat küçə itləri və ağcaqanadlardan şikayətlənib
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.