BAKI, 31 may — Sputnik. BRİKS valyutasının yaradılması məsələsi birliyin Cənubi Afrikada keçiriləcək sammitində müzakirə edilə bilər.
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Dövlət Dumasında deputatların suallarını cavablandırarkən deyib.
"Hazırda bu ideya maliyyə nazirlikləri, bu birliyin mərkəzi bankları tərəfindən nəzərdən keçirilir. Bu məsələ geniş ekspert rəyini tələb edir, çünki beynəlxalq ödəniş institutlarının yaradılması çox mürəkkəb məsələdir", - deyə Overçuk qeyd edib.
O xatırladıb ki, belə qərarlar bütün ölkələr tərəfindən konsensus əsasında qəbul edilməlidir.
"Başa düşmək lazımdır ki, bu işə artıq başlanılıb, lakin bu, vaxt tələb edir. Cənubi Afrikada keçiriləcək BRİKS sammiti zamanı belə bir mövzuya toxunulacağını istisna etmirik", - deyə nazir müavini bildirib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ötən həftə bildirib ki, hələlik birlik üçün vahid valyutadan danışmağa ehtiyac yoxdur. Onun sözlərinə görə, vahid valyutaya keçid vahid emissiya mərkəzinin, tənzimləyicinin yaradılmasını, onun səlahiyyətlərinin əlaqələndirilməsini və pul emissiyası hüquqlarının beynəlxalq orqana verilməsini tələb edir. Bu o deməkdir ki, BRİKS-də makroiqtisadi və monetar siyasəti sinxronlaşdırmaq lazım gələcək.
BRİKS-in 15-ci sammiti 2023-cü il 22-24 avqust tarixlərində Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.