İQTİSADİYYAT

Azərbaycan ABŞ-la "yaşıl enerji" layihələrinin inkişafını müzakirə edib

Bu məsələlərin müzakirəsi energetika naziri Pərviz Şahbazovun ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattla Enerji Həftəsi çərçivəsində keçirdiyi görüşdə aparılıb.
Sputnik
BAKI, 31 may - Sputnik. Azərbaycan ABŞ-la Cənub Qaz Dəhlizi, hidrogen də daxil olmaqla "yaşıl enerji" layihələrinin inkişafı, metan emissiyalarının azaldılmasına dair fikir mübadiləsi aparıb.
Bu məsələlərin müzakirəsi energetika naziri Pərviz Şahbazovun ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattla Enerji Həftəsi çərçivəsində keçirdiyi görüşdə aparılıb.
P. Şahbazov bu barədə özünün "Twitter" hesabında yazıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də mayın 31-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattı qəbul edib.
Cefri Pyatt Bakıda Enerji Həftəsinin əhəmiyyətini qeyd edib. Qonaq Avropanın Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın liderlik rolunu yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Cefri Pyattın bu tədbirdə iştirakının önəminə toxunaraq, ABŞ hökumətinin Azərbaycanın enerji sahəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəklədiyinə görə minnətdarlığını bildirib. Dövlət başçısı ölkəmizin uzun illər ABŞ ilə enerji sahəsində fəal sürətdə əməkdaşlıq həyata keçirdiyini və genişmiqyaslı birgə layihələri uğurla reallaşdırdığını qeyd edib. Azərbaycan Prezidenti bu xüsusda ABŞ hökumətinin TAP layihəsinə verdiyi dəstəyi vurğulayıb.
Görüşdə Azərbaycanın bölgənin enerji təhlükəsizliyinə verdiyi töhfə, ölkəmizdə bərpaolunan enerji sektorunun inkişafı istiqamətində sürətlə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycanın enerji təchizatında sabitləşdirici rol oynadığı xüsusi vurğulanıb, ölkəmizin Orta Dəhliz çərçivəsində enerji və qeyri-enerji məhsulları üçün dayanıqlı tranzit və nəqliyyat imkanlarının yaradılması məsələsinə toxunulub.
PAYTAXT XƏBƏRLƏRİ
İlham Əliyev enerji təhlükəsizliyində Azərbaycanın rolunu açıqladı - VİDEO