BAKI, 29 may - Sputnik. Rusiyanın “Qazprombank”ı Azərbaycanda inflyasiyanın 2023-cü ildə 8 %, 2024-cü ildə isə 7 % olacağını proqnozlaşdırır.
“Report” xəbər verir ki, bunu “Qazprombank”ın Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən görüşlərin yekunlarına dair danışarkən deyib.
"Azərbaycanda inflyasiyanın ən yüksək həddi arxada qalıb və ilin sonuna kimi onun zəifləyəcəyi gözlənilir. Aprel ayında inflyasiya 2022-ci ilin sentyabrında müşahidə edilən ən yüksək səviyyə ilə müqayisədə 1,3 faiz bəndi azalaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 %-dək enməkdə davam edib.
Mərkəzi Bank xarici inflyasiya təzyiqinin zəifləməyə davam etdiyini qeyd edib. Bundan əlavə, dünyada ərzaq qiymətləri azalır: BMT-nin məlumatına görə, apreldə ərzaq qiymətlərinin artım tempi mart ayı ilə müqayisədə 0,8 %-dək (1,3 faiz bəndi) azalıb”, - o bildirib.
G.Xaydarşinanın sözlərinə görə, vergi-büdcə stimullaşdırılması fonunda ümumi tələbin genişlənməsi inflyasiya riskləri yaratmaqda davam edir: “AMB ilin sonu üçün fevral ayında təqdim etdiyi inflyasiya proqnozunu dəstəkləyir və inflyasiyanın illik ifadədə 8 %-dək zəifləməsini gözlənildiyini açıqlayıb”.
Dünya Bankının hesablamalarına görə, Azərbaycanda orta illik inflyasiyanın 2023-cü ildə 8,5 %, 2024-cü ildə isə 6,2 % olacağı gözlənilir.
2022-ci ilin yekunlarına görə, Azərbaycanda orta illik inflyasiya 13,9 %, ötən ilin dekabrında isə illik ifadədə 14,4 % təşkil edib.