BAKI, 27 may-Sputnik. Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, spiker 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.
Artıq deputatlar müvafiq qaydada müraciət ediblər.
Qeyd edək ki, Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya həmin gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Mayın 31-də Milli Məclisin yaz sessiyası çərçivəsində son iclası keçiriləcək və gündəliyə 14 məsələ daxil edilib.
Xatırladaq ki, keçən il iyunun 17-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib və qanun layihələri müzakirəyə çıxarılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.