BAKI, 26 may — Sputnik. Sirklərdə heyvanların istifadəsinə qadağa qoyulmalıdır.
Rusiya Dövlət Dumasının Ekologiya, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədr müavini Oleq Lebedev bu təklifi verib.
Lebedevin sözlərinə görə, qadağa ətraf mühitin qorunmasına və orada heyvanların daha təhlükəsiz həyat sürməsinə kömək edəcək. O hesab edir ki, hökumət bəşəriyyəti rəhbər tutmalıdır və bununla əlaqədar olaraq fil, pələng, şir və su məməlilərinin tamaşalarda istifadəsini qadağan etməyə çağırıb.
"Biz bu və digər heyvanları sirklərdə istifadə etməyi dayandırmalıyıq. Birdən-birə yox, tədricən. Bu, təbii ki, ənənədir, amma hazırda biz insanlıq kursunu keçməliyik. Baxın, hansı dördayaqlı heyvanları sirklərdən çıxarmaq lazımdır, bunu hansı qaydada etmək lazımdır. Mənim mövqeyim ondan ibarətdir ki, bu lazımdır", - deyə o, "Podmoskovye seqodnya" internet nəşrinə müsahibəsində bildirib.
Millət vəkili onu da vurğulayıb ki, məsələ dövlət səviyyəsində həll olunmalı, ona görə də əyləncə məkanlarının sahiblərinin rəyi nəzərə alınmamalıdır.
"Delfinlərin və digər su məməlilərinin təhlükəsizliyini, həyatını təmin etmək üçün mövcud təcrübəni dəyişdirmək lazımdır. Buna yönəlmiş hər hansı təşəbbüs, əlbəttə ki, heyvanların qorunmasına kömək edəcək və dəstəklənəcək. Düşünürəm ki, qadağa qoyulmasının tam zamanıdır", - deyə Lebedev sözünü yekunlaşdırıb.
Bundan əvvəl Dövlət Dumasının deputatlarının İnzibati Xətalar Məcəlləsinə heyvanlara qarşı amansız davranmağa, onlardan qurtulmağa və sığınacaqlarda, zooparklarda və sirklərdə düzgün saxlamamaya görə külli miqdarda cərimələr barədə dəyişiklik edəcəyi bildirilib. Bundan əlavə, heyvanları insana hücum edən səhlənkar sahiblərə qarşı cərimə tətbiq edilməsi planlaşdırılır.